Hərb Tarixi| Fədakarlar... Mingəçevirdə kustar üsulla düzəldilən minaatanların hekayəsi (FOTOLAR)

2023/11/33-11904502701.jpg
Oxunub: 3136     14:43     23 Noyabr 2023    
Ordu quruculuğunda silah təminatı necə ödənilirdi, düşmən qarşısına hansı silahlara çıxaraq vətən torpaqları qorunurdu? Daha ətraflı növbəti yazımızda oxuya bilərsiniz. Müstəqilliyin ilk illərində Azərbaycanın yeni yaradılan batalyonlarının silah təminatı necə həyata keçirilirdi?

Ordu.az saytı ordu quruculuğunda keçdiyimiz yolları Sizə çatdırmaqda davam edir. Bu yazımızda silah təminatını ödəmək üçün, kustar üsulla hazırlanan silahlardan söz açacağıq.

SSRİ-nin 15 respublikada olduğu kimi, Azərbaycan respublikası ərzisində də müxtəlif xüsusi döyüş hazırlıqlı hərbi bazaları varıydı. Bu hərbi bazalar SSRİ sərhədləri üçün, təhlükə yaradacaq qonşu ölkələrə görə nəzərdə tutulmuşdu. SSRİ-nin süqutundan sonra, həmin hərbi bazaların yerləşdiyi ölkələrin əmlak payının olması qaçılmaz idi. Lakin Azərbaycanda olan bazalardakı silah və texnikaların sovet ordusu rəhbərləri tərəfindən (bəzi bazalar istisna olmaqla) gizli şəkildə çıxarılması Azərbaycanın əlini sözün əsl mənasında havada saxlamışdı. Belə olan halda isə silahlanmanı təmin etmək məqsədilə müxtəlif vasitələrə əl atılırdı. Həmin dövrlərdə ehtiyac olan silahlar kustar üsulla düzəldilirdi. Bunlardan biri də minaatan silahıydı. Müsahibimiz özünümüdafiə batalyonunu minataanla təmin edən Bəxtiyar Hüsüyevdir.


Bəxtiyar Hüsüyevlə görüşümüz Bərdə rayonu ərazisində oldu. Bir az söhbət etdikdən sonra, o vaxtkı dövrdə silahlanmada istifadə edilən bəzi silahlar barədə məlumat verdi. Uzundərə hərbi bazası dağıdılanda kifayət qədər mərmi və patron əldə edilsə də, onları istifadə edəcək silahların ya olmaması, ya da məhdud sayda olması alternativ variantlar düşünməyə vadar edirdi.

“Biz Bərdədə olsaq da, Ağdam, Ağdərə kəndləri və Tərtər istiqamətində olan prosesləri yaxından izləyirdik. Demək olar ki, vəziyyətdən tam xəbərimiz varıydı. Xüsusən də silah çatışmazlığı əsas xəbərlər arasındaydı. Onu da eşitmişdik ki, 1988-ci ildə Qarabağda başladılan ərazi iddiaları fonunda sovet hakimiyyətinin dəstəyilə Azərbaycana qarşı mənfi addımlar atılırdı. Bu addımlardan biri də dinc əhalidən əllərində olan qanuni ov silahlarının yığılmasıydı. İstər-istəməz adama ağır gəlirdi ki, axı necə ola bilər ki, bir tərtəf tam silahlansın, bir tərəfin isə silahları əlindən alınsın. Azərbaycanlıların yaşadığı kəndlərdən ov silahlarının yığılması ermənilərin həmin kəndlərə hücumlarının intensivləşməsi üçün daha da şərait və raghatlıq yaradırdı”.

Özünümüdafiə batalyonlarının ilkin silah arsenalı


1990-ci ilə kimi təkcə Qarabağda deyil, elə ətraf rayonlarda da ov tüfəngləri tamamilə müsadirə olunmuşdu. Bununla da o vaxtın ən müasir silahlarıyla silahlandırılan ermənilərin qarşısında azərbaycanlılar əliyalın qalmışdılar. Artıq proseslərin daha da ciddi hal alması sakinlərin fərdi qaydada gizli olaraq müxtəlif vasitələrlə müəyyən silaları əldə etməsinə əsas verirdi. Bəzən təsərrüfatlarındakı mal-qaranı sataraq silah, barıt və qurğuşun mərmi alırdılar. Bəzi hallarda isə işlənmiş akkumlyatorların içərisində olan qurğuşunu əridərək ondan daha sürətli uçan və güclü təsirə malik olan güllə hazırlanırdı.

B. Hüsüyev deyir ki, bu vəziyyətdən çıxmaq üçün məktəblərdə olan AK 74 markalı döyüş qabiliyyəti məhdudlaşdırılan avtomatlar Bakıda zavodların birində atəşə yaralı vəziyyətə salınaraq Qarabağ camaatına paylanılırdı. Arada süni şəkildə yaradıəlan silah boşluğunu isə kustar üsulla düzəldilən silahlarla doldurmağa cəhd edilirdi. İndi hər kəsi düşündürən yalnız bir məsələ varıydı ki, nəyin bahasına olursa-olsun, kəndlərin silahlandırılmasını təmin etmək lazımdır. Bu, düşməni tam geri oturtmağa yaramasa da, ən azından insanların qismən də olsa qorunmasına kömək edirdi.

Ehtiyac insanı ixtiraçı edər


“Camaat əsasən öz vəsaitləri hesabına 12, 16, 20 kalibrli qoşa və təklüləli ov tüfəngləri ilə silahlanmışdı. Təlim avtomatlarını restavrasiya edib göndərəslər də onlar döyüş qabiliyyətini yüksək səviyyədə göstərmədi. Biz o silahları Ağdərənin Baş Güney, Orta Güney kəndlərində daha çox görürdük. Səhv etmirəmsə 15-20 belə silah verilmişdi həmin kəndlərə. Onlar da bir neçə atış edəndən sonra atmırdı. Bu da aktiv döyüş vaxtı çox risqliydi. Biz ondan sonra TOZ 8 Tir tüfəngləri varıydı ki, həmin tüfəngləri döyüşə hazır vəziyyətə salmağa çalışırdıq. Buna da qismən nail ola bilirdik. Lülənin yuvasını genişləndirməyə çalışsaq da alınmırdı. Bu tüfəngin əsas patronu tək qırmalı kiçik kalibrli olur. O da insan həyatı üçün elə də ciddi təhlükə yartatmırdı. Yəni, onunla düşmən üzərinə getmək və ya müdafiədə olmaq bilərəkdən özünü canlı olaraq qurban vermək deməkdir. Beləcə boşluqlar davam edirdi. Bu boşluğu doldurmaq üçün, traktorların farsunkalarından istifadə etməklə tək atəş üçün silah düzəltdik. İndi təsəvvür edirsinizmi, erməninin qarşısına camaat hansı vasitələrlə çıxıb torpağı qoruyurdu?.. Farsunkadan düzəltdiyimiz “silah”lar isə güclü effekt verməsə də, əsas odur ki, atəş səsini eşidən erməniləri camaatın əlində silah var deyə düşünməyə vadar edirdi. Bunu da dinc sakinlərin çıxarılması zərurəti yaranarsa işə yarayar deyə fikirləşirdik. Yəni, bizdə deyilən “dolu birini, boş ikisini qorxuzar” misalı kimi... Belə bir çətin dönəmdən keçirdik”.

B. Hüsüyev deyir ki, ərazi özünümüdafiə batalyonları fromalaşdıqca silah təminatına çox böyük ehtiyac duyulurdu. Bu, təkcə atıcı silahlar deyil, həm də kiçik artilleriya silahlarına olan tələbatın vacibliyini ortaya qoyurdu. Düzdür, əldə düzəldilən primitiv silahlar ölümcül olsa da, geniş tətbiq imkanları olduqca məhdud olması səbəbindən böyük çətinliklər yaradırdı. Amma yenə də başqa çıxış yolu olmadığı üçün, bu yola əl atmalı olurdular. Kustar üsulla düzəldilən silahlardan biri də minaatan qurğusunun hazırlanması olub. Bəxtiyar Hüsüyev rusların Ağdamın Uzundərə ərazisindəki bazasından batalyonun silahlanması üçün xeyli sayda hərbi sursat və mərmilər gətirilsə də, minaatan qurğusunun az olması səbəbindən bu barədə müəyyən addımlar atmağa başlamağa məcbur olub.


“Silah üçün patron və mərmilər çoxuydu. Özü də həddindən çox. Çünki, Uzundərədən ruslar çıxanda ordan kifayət qədər mərmi və patronlar gətirilmişdi. Amma qurğunun olmaması işləri çətinə salırdı. Mən o vaxta qədər ümumiyyətlə görməmişdim. Biz minaatan mərmiləri üçün hansı qurğudan necə istifadə edəcəyimizi, hansı qurğudan atacağımızı araşdırırdıq. Bir gün bir yerdə həmin qurğunu gördüm, amma yalnız bir dənə olduğu üçün onu gərtirmək olmazdı. Mən orda qurğunun sxemini bir vərəqə cızıb götürüdüm. Bir müddət axtarışlar apardım. Bərdədə və Tərtərdə olan zavodlarda bütün emalatxanalarda oldum. Amma o ölçüdə və ona uyğun olan bir metal tapa bilmirdim. Çünki hər dəmirdən də bunu etmək olmazdı. Elə bir metal tapmaq lazımıydı ki, mərminin alışdığı zaman həm istiliyə tab gətirsin, həm də mərminin sürətinə tab gətirə bilsin. Çox axtarışlar apardım, bir gün artezian quyularından birinin çıxarılan dəmir borusunu gördüm. Dərhal qalınlığını ölçdüm. Suartezian idarəsinə gələrək həmin boruların təzəsinin olub-olmadığını soruşdum. Birini alıb, orijinal minaatan qurğusunun olduğu yerə apardım. O zaman bu işdə mənə dəstək verənlər də varıydı. Mən qalınlığı ölçəndə borunu uyğunlaşdırmaq üçün yonulmasının lazım olduğu gördüm. Artıq əlimdə bütün ölçülər varıydı, bircə xüsusi dəzgahda onun yonulub hazırlanması qalırdı. Əldə edilən borunu Bərdədə fəaliyyət göstərən dəmir beton sexinə gətirdik. Uzunluğunu uyğun ölçüdə doğradıq, sonra minaatan quruğunun altındakı dayaq listi orda 25 mm-lik dəmirlərdən hazırladıq”.

Qurğunun tam hazır vəziyyətə gətirilməsi isə regionda yeganə sənaye şəhəri olan Mingəçevir şəhərindəki “REMDORMAŞ” zavodu ilə əlaqə saxlanılır. Zavoddan müsbət cavab aldıqdan sonra kəsilən borular zavoda aparılır. Bir neçə dəqiqədən sonra gələn zənglə onlara işlərini yarımçıq qoymaları bildirilir və bu əsassız tələbin edilməsi hər kəsi şoka salır.

“Biz “REMDORMAŞ”a gəldik. əlimizdə olan hər bir detalı dəzgahların yanına gətirmişdik ki, bizə gəlib dedilər ki, bəs sizin hansı məqsədlə burda olduğunuzu hakimiyyət dairələrində bilirlər. Ona görə də zavodu tez tərk etməyimiz tələb olunur. Bunu eşidəndən sonra zavodun rəhbərliyi sağ olsun, çox soyuqqanlı bir şəkildə zəng edən şəxsə deyib ki, pambıq zavodu üçün silindirik boru hazırlanır. Biz bu adla burada olan işimizə başladıq. Zavodun dəzgahlarından istifadə edərək minaatanın əsas xüsusiyyətlərinə uyğun olaraq silahı düzətdik”.


Silah tam hazır olandan sonra ilkin yoxlanılması da elə Mingəçevir ərazisində həyata keçirilir.

“Biz sınaq üçün, Bozdağın ətəyinə getdik. Sınaq aparmaq üçün götürdüyümüz mərmiyə birinci dəfə alışqanı bağlamadan atdıq. İlk atış yaxşı nəticə verdi. İkinci mərmini isə tam döyüşə hazır olaraq atdıq. Bu atışdan sonra zəhmətimizin hədər getmədiyinə əmin olduq. Silahın yoxlanılmasında İkinci Dünya müharibəsində işrtrak etmiş Ənvər Abbasovun döyüş təcrübəsi işimizə çox yaradı. Artıq sınağın yaxşı keçməsi bizi əlavə minaatanların düzəldilməsinə də həvəsləndirdi. Mən heç vaxt yadımdan çıxara bilmərəm, bu işdə bizə yaxından kömək edən “REMDORMAŞ”ın rəhbəri Hüseyn müəllim, sex rəisi Şirxan, Ənvər Abbasov, Bərdə rayonunda o vaxt prokuror vəzifəsində işləyən Hüseyn müəllim, icra başçısının müavini Natiq Hacıyev, Pambıq zavodunun direktoru Aydın müəllim, Tərtərdən Vəli Albəndov o illərdə əldə qayırma silahların istehsalına çox böyük dəstək oldular”.


Düzəldilən silahlar cəbhənin Tərtər, Ağdam və Ağdərə istiqamətində ermənilərin hücumları zamanı tətbiq edilir, getdikcə formalaşan ordumuzun tam silahlanmasına qədər döyüş əməliyyatlarında istifadə olunur.

Bəxtiyar Hüsüyev Tərtər, Ağdərə və Kəlbəcər uğrunda gedən döyüşlərdə minaatan batareyasının komandiri kimi iştirak edib. O, bu gün də mütəmadi olaraq ön xəttə xidmət edən əsgərlərimizin yanında durmaq şərəfini daim uca tutur. Müsahibimiz ikinci qrup Qarabağ müharibəsi əlilidir.


Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin